Sentyabr 30, 2022

Ukraynadan taxıl ixracına dair sazişin detalları açıqlanıb

Ukraynadan taxıl ixracına dair razılaşmaya əsasən minalardan təmizləmə aparılmayacaq.

Turaz.org TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin yüksək rütbəli rəsmisi bildirib.

“Biz qərara gəldik ki, təhlükəsiz dəhlizlərdən istifadə etmək daha səmərəli olacaq, bunu Ukrayna tərəfi müəyyənləşdirəcək. Bu gəmilər ukraynalı pilotların müşayiəti ilə aparılacaq”, – o əlavə edib.

Taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.

BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.

Belə ki, tərəflərin Birgə Koordinasiya Mərkəzini tamamlamaq, yoxlamalar aparmaq üçün qruplar yaratmaq, Ukrayna limanlarında taxıl ixracına hazırlaşmaq üçün vaxt lazımdır. O, qeyd edib ki, Ukraynada yeni məhsul yığımı üçün taxıl anbarları boşaldılmalıdır.

BMT-nin yüksək rütbəli rəsmisi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu qeyd edib.

Sazişə uyğun olaraq Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton təşkil edəcək.

Bununla yanaşı, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində taxıl ixrac edən gəmilərin monitorinqində iştirak edəcəklər.

Müxbir: Əzizə Əlizadə

Translate »