Noyabr 29, 2022

Universitet məzunlarının problemi: diplomlar niyə gecikir? – Ekspertlər açıqladı

Uşaqlıqdan valideynlər övladlarını bir arzu, istəklə böyüdürlər – ali təhsilini başa vurub, diplomunu alasan. Amma təəssüf ki, 4 illik ali təhsili başa vurduqdan sonra bu sənədi almaq heç də asan olmur. Verilən təhsilin qəbzini təmsil edən diplom üçün məzunların sözün əsl mənasında gözünün kökü saralır. Bir qismi üçün bu, problem olmasa da, xaricdə təhsil üçün müraciət edənlər, işə düzəlməyə çalışanlar üçün xeyli çətinliklərə səbəb olur. Maraqlıdır, niyə diplomlar məzunlara gec verilir? Nə üçün proses qış aylarına, hətta növbəti ilədək uzanır?

Mövzu ilə bağlı Turaz.org-a danışan Təhsil Araşdırmaları Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov təhsilə ayrılan xərclərlə təhsilin keyfiyyətini müqayisə edib. Bildirib ki, ölkəmizdə ali təhsilin keyfiyyəti dünya sytandarkarından dəfələrlə geri qalır:

“Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi, 187 000 tələbə var. Azərbaycan 30 ildən artıq müstəqil dövlətdir və dövlət büdcəsindən təhsilə kifayət qədər böyük vəsait ayrılır. Azərbaycanda ali və orta təhsilə ayrılan vəsait qonşu dövlətlərin bütün büdcəsindən belə çoxdur. Çox təəssüf ki, bu gün ali təhsilimizin keyfiyyəti dünya standartlarından dəfələrlə geri qalır. Ali təhsil müəssisələrimizin məzunları iş tapmaqda çətinlik çəkirlər. Konkret rəqəmlər göstərir ki, ali təhsil müəssisələrini bitirən məzunların 42 faizi yalnız ixtisası üzrə işləyə bilir. Bu, keyfiyyətin nə qədər aşağı olduğunu bir daha göstərir. Digər tərəfdən, Azərbaycan ali təhsil müəssisələri dünya reytinqində yoxdurlar. Yəni, onlar elmi-texniki, eyni zamanda müasir innovativ yeniliklər baxımından kifayət qədər geri qalıblar. Məzunlarımız təkcə əmək bazarının tələblərindən geri qalmır, eyni zamanda ali təhsil müəssisələrimiz onlara sənədlərini çox gec verirlər. Tədris ili iyul ayında başa çatır və diplomların verilmə qaydaları, eyni zamanda digər qanunvericilik aktlarına görə, ali təhsil müəssisələrindən məzun olan şəxslər təhsillərini başa vuran vaxtı onlara eyni zamanda təhsillərini bitirmək haqqında sənəd verilməlidir. Amma birmənalı şəkildə görürük ki, bu prosesdə ciddi şəkildə geriləmə var”.

Sənədlərin vaxtında verilməsi ilə bağlı problem yaşandığını deyən ekspert bunun səbəblərini açıqlayıb: “Ali təhsilli şəxslərin bitirmə haqqında əmrləri Elm və Təhsil Nazirliyinə gec verilir. Halbuki mövcud qanunvericiliyin tələbinə görə, bu, bir-iki həftə ərzində avtomatik olaraq baş tutacaq prosesdir. Həmçinin diplomların yazılması üçün xəttat xidmətindən istifadə olunur. Xəttatın da sayı azdır, bütün ali təhsil müəssisələri sifarişi demək olar ki, bir neçə xəttata verirlər. Bu zaman ciddi şəkildə növbələr yaranır. Yalnız mövcud qanunvericiliyi xatırlatmaq istəyirəm ki, hər bir şəxsə təhsilini başa vurandan sonra ona təhsilini başa vurmaq haqqında diplom verilməlidir. Amma bu gecikmələr həmin şəxslərin xarici ölkələrdə təhsil almağına mane olur, eyni zamanda əmək bazarında iş təminatında, dövlət qulluğunda iş təminatında problem yaradır. Düzdür, universitetlər tərəfindən onlara bərabər tutulan məzuniyyət bəlgəsi arayış olaraq verilir, yəni bitirmə haqqında arayış təqdim edilir. Amma bu hüquqi sənəd bəzi hallarda qəbul edilmir. Ona görə biz birmənalı şəkildə hər bir şəxsin vaxtında, ali təhsilini başa vurandan sonra qısa müddət ərzində diplomların verilməsini təmin etməliyik və bunun üçün çətin və uzun bir prosedur yoxdur. Bütün hallarda mən hesab edirəm ki, prosesin tez bir zamanda təminatı həyata keçirməlidir və bu, müəyyən qədər Elm və Təhsil Nazirliyinin səriştəsizliyindən ali təhsil müəssisələrinin səhlənkarlığından baş verir”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov məsələ ilə bağlı xeyli şikayətlərin olduğunu bildirir. Onun sözlərinə görə, tələbə sayının çox olması ilə yanaşı, problem birbaşa nazirliyin fəaliyyəti ilə də əlaqəlidir: “Prosedur qaydalarına görə, universitet yekun attestasiyanı apardıqdan sonra müvafiq sənədləri Elm və Təhsil Nazirliyinə təqdim edir. Nazirlik bu sənədləri araşdırır, monitorinq edir və yenidən siyahını universitetə qaytarır. Bundan sonra universitet həmin diplomları, tələbələrə təqdim edir. Nazirlikdə bunun gecikməsini universitetin məlumatları onlara vaxtında ötürməməsi ilə əlaqələndirir. Əslində hesab edirəm ki, yanaşma olaraq bunlar doğru ola bilməz. Beynəlxalq təcrübədən danışıram, elə universitetlər var ki, onun tələbələrinin sayı Azərbaycandakı bütün universitet tələbələrin sayından çoxdur, amma onların diplomlarının gecikməsində problem olmur. Hesab edirəm ki, sistem elektronlaşdırılmalıdır. Tələbə universiteti bitirib, məzun olub, o iş tapır və yaxud dövlət qulluğuna imtahan verir. Amma diplom olmadığı təqdirdə o nə qədər böyük problemlər yaşayır. Yaxud məzun xaricdə təhsilə qəbul alır, amma diplomu gecikir. Mütləq şəkildə prosesi tənzimləmək və daha operativ şəkildə insanlara xidmət etmək lazımdır. Orta məktəblərdə attestat alan məzunların sayı universitet məzunlarının sayından çoxdur. Niyə attestatların verilməsində gecikmə bu qədər olmur? Hətta açığını deyim, bəzən bizə müraciətlər olub ki, universiteti bitirən məzun hərbi xidmətə gedib, lakin onun diplomunun verilməsində gecikmə olub. Niyə həmin məzun və yaxud onun valideyni universitetin qapısına qaçmalıdır? Tələbə olanda yaxşı idi məzun olandan sonra buna qarşı bu cür münasibət olmalıdır? Hesab edirəm ki, bu məsələdə tənzimləmə olmalıdır. İnsanların rahatlığı baxımından da proses sadələşdirilməlidir.

Diplomların gecikməsi halları ümumiyyətlə, olmamalıdır. Fikirləşirəm ki, ölkəmizdə hər şey insanların rahatlığı naminə təşkil olunmalıdır. Bu məsələdə həm universitetlər, həm Elm və Təhsil Nazirliyi müvafiq addımlar atmalıdır ki, gecikmələr olmasın”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

Translate »