Mart 21, 2023

Universitetin prorektoruna şiddətli töhmət verildi

14 mart 2023-cü il tarixdə gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığına görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib.

Turaz.org xəbər verir ki, universitetdən verilən məlumata görə, həmin yazıda həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilib:

“LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil.

Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülüb.

Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi fesbok səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib.

Həmçinin universitetin elektron məlumat daşıyıcılarının (veb səhifələrin) adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib. LDU-nun elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb”.

Translate »