Dekabr 5, 2022

Uşaq evlərində böyüyən gəncliyimiz

Dünyaya göz açan körpələrin ilk ünsiyyəti onlara həyat verən ana və ataları ilə tanışlıq olur. Lakin, boya-başa çatmaq yolunda onları tək qoyub bu vacib məsuliyyəti üstlərindən atanların köməyinə ya küçələr çatır, ya da hansısa uşaq evinin qapısı.

Hər bir ölkənin gələcəyinin əsasını onun sağlam düşüncəli, parlaq gəncliyi təşkil edir. Bu bizim ölkəmiz üçün də keçərlidir. Cəmiyyətin özəyi, onu inkişaf etdirrəcək, daha yüksək səviyyələrə qaldıracaq gənclərdir. Fəqət, onlar hər zaman şanslı olaraq dünyaya gözlərini açmırlar. Belə uşaqların bir qismi həyatın ağır “silləsiylə” daha kiçik yaşlarından  qarşı-qarşıya qalmalı olurlar. Bu gün əhalinin böyük bir qisminin  sosial təminata ehtiyacı vardır. Təbii ki, kimsəsiz uşaqlar da buraya aiddir. Bakı şəhərində 45 dövlət hesablı, 2 özəl uşaq evi və internatlar fəaliyyət göstərir. Burada uşaqlar üçün hər cür şərait yaradılıb. Rəqs, ingilis dili, kompyuter, idman, musiqi, bacarıqlı əllər, bədii naxış və başqa dərnəklər var. Həftənin müxtəlif günlərində isə valideynlərlə görüş olur. Uşaq evlərində yaşayıb ali təhsil müəssisələrinə qəbul olan gənclərimiz heç də az deyil. “Günəş evi” adlı 3 saylı uşaq evinin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhbubə Hüseynovadan alınan müsahibələrin birində o bildirdi ki, əsas məqsəd buradakı uşaqların cəmiyyət içinə çıxması, kənardakı insanlarla ünsiyyətdə olmalarıdır: “Biz əsas fikrimizi tərbiyəyə yönəldirik, təhsilə isə məktəb cavabdehdir”.

Belə gənclərimizə ən böyük nümunə Səbuhi Əhmədovdur. Şəkidə dünyaya gözünü açan Səbuhi və qardaşı Sənan Əhmədov  kiçik yaşlarında analarını itirmişdir.  Ardından SOS uşaq evine veriliblər. Səbuhi 2020-ci il vətən müharibəsi iştirakçılarındandır. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub. Bu kimi  qəhrəman gənclərimiz sayısızdır, sadəcə vətən uğrunda şəhid olan yox, digər sahələrdə də öz torpaqlarına olan dərin sevgini nümayiş etdirən ləyaqətli gənclərimiz. Uşaq evində böyümələri onların vətənə, millətə olan sevgisini azaltmır.

Nə qədər hər cürə şərait yaradılsa da bu uşaqların bir tərəfi  hər zaman yarım qalır. Bizim üzərimizə düşən vəzifə isə onları cəmiyyətdən kənarlaşdırmamaq, əlimizdən gəldiyi qədəri ilə onların yanında olmaqdır. Yalnız uşaq evlərində qaldıqları zaman deyil, müstəqil həyata qədəm qoyduqlarında da daim kömək əlimizi uzatmalıyıq. Onların gələcəkdə öz bilik və bacarıqları ilə Azərbaycanı dünyada layiqincə təmsil edəcəklərinə, gələcəkdə cəmiyyətin müstəqil üzvü kimi formalaşacaqlarına inanıram. Yalnız  cəmiyyətin bütün təbəqələrinin xoş, qayğıkeş münasibəti uşaqların ata-anasızlıq dərdini azalda bilər.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Lalə Padarova

Translate »