Oktyabr 4, 2022

usaqlariniza sevgi verin

Uşaqlarınızın sevgiyə ehtiyacı var

Hazırkı dövrümüzə nəzər salsaq, insanların bəzilərinin aqressiv, soyuq olduğunu görərik. Bu cür insanların əsas problemlərindən biri sevgisiz böyümək və uşaqlıqdan valideynləri tərəfindən qayğı görməməkdir. Bu sevgisizlik uşaqları böyüyəndə sevgisiz fərdlərə çevirir, onların əksəriyyəti sevə bilmir, sevgi göstərə bilmir. Sevgisizlik insanlarda təkcə mənəvi problem deyil, fiziki cəhətdən də problemlərə səbəb olur. Belə ki, sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Sevgi olmayanda böyüməni təmin edən proteinlərdə də dəyişikliklər yaşanır.

Osho “Qayğı sağaldıcıdır. Çünki insanın içindəki bütün xəstəliklər sevginin əskikliyindən qaynaqlanır” boşuna deməyib. Bəli, sevgisizlik insanda bir çox pis halların yaranmasına səbəb olur.

Bəs bu sevgisizlik uşaqda nələrə səbəb olur?

Sevgisiz yetişən uşaq qarşısına çıxan insanlardan sevgi dilənməyə başlayır, ailəsindən görmədiyi sevgini kənarda axtarır və rastına çıxan ilk insana özünü təslim edir. Çünki belə insanlarda hələ dərketmə baş verməyib. Onlar böyüyəndə normal, düzgün münasibət qura bilmir, özlərini sevgisiz, dəyərsiz, güvənsiz və natamam hiss edirlər. Bu daha da pis nəticələrə səbəb ola bilir. Belə ki, bu cür uşaqlar böyüyəndə narkotik istifadəçisinə çevrilə bilir, hətta intihar edir.

Humanist psixologiyanın nümayəndələrindən olan Amerika psixoloqu Abraham Maslau özünün “Ehtiyaclar piramidası” haqqındakı əsərində xüsusi bölməni “sevgiyə tələbat və mənsubiyyət”ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var.

İstənilən yaşda sevdiklərinizdən sevginizi əsirgəməyin. Hər bir insanın ən çox ehtiyacı olan ilk şey sevgidir. Sevgi dolu uşaqlar böyüdə biləcəyiniz ailələr qurun, onlar da gələcəkdə sevgi dolu fərdlər yetişdirə bilsinlər. Uşaqların yeməkdən, içməkdən, bahalı əşyalardan daha çox ehtiyacı olan sevgidir, qayğıdır. Çünki sevginin olduğu hər yerdə xoşbəxtlik olur.

Yazar: Məryəm Məmmədova

Turaz.org

Translate »