İyun 3, 2023

Valideynlərin uşaqlara aldığı “silah”: “Telefon…”

Zamanın tələbinə uyğun olaraq azyaşlıların texnologiya məhsulları ilə tanışlığı erkən yaşlarda baş tutur. Lakin bu tanışlıq müddəti ötən illərlə müqayisədə daha aşağı yaş kateqoriyalarını əhatə edir. Valideynlərin isə bu mövzuda mövqeyi birmənalı deyil. Övladını telefondan uzaq saxlamağı qarşısına məqsəd qoyanlarla yanaşı, 3 yaşında uşağına şəxsi planşet alanlar da var.
Bəs bu, nə dərəcədə doğrudur? Uşaqlar hansı yaş aralığında telefondan istifadə etməlidir? Hansı məqamlara diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Turaz.org-a danışan sosioloq Əhməd Qəşəmoğlu valideynlərin bu “müasir” yanaşmalarını qəbul etmədiyini bildirib. Ekspertin fikrincə, uşaqlara telefon verməzdən əvvəl valideynlər bəzi şərtlərə əməl etməlidirlər:
“Uşaqları mobil telefonla tanış etməyin müxtəlif formaları var. İlk olaraq uşağa telefonun faydalı bir əşya olduğunu izah etmək lazımdır. Bunun üçün telefonla danışanda uşağa kiminlə danışdığını deyə bilərsən. Uşaqlarda texnika anlayışının yaradılması yaxşıdır. Çünki bu, dövrümüzün bir hissəsidir. Maarifləndirici şəkildə izah etmək lazımdır ki, uşaq erkən yaşda telefona maraqlı olmasın”.
Ekspert bildirib ki, faydalı olması ilə yanaşı, telefonun zərərli tərəflərindən də söz açmaq vacibdir: “Diqqət etsəniz, istər telefon, istərsə də kompüteri uşaqlar dizi üzərinə qoyur. Bunlar şüalandırıcı vasitədir. İnsan orqanizmini məhv edir. Xüsusilə körpələr dizi üzərinə qoyanda onların cinsiyyət orqanlarına birbaşa təsir edir. Bunu tibb də təsdiq edir.
Uşaqları texnologiya ilə tanış etməyin öz mədəniyyəti var. Hər zaman deyirəm, telefon kimi texnoloji vasitələr ilan zəhərinə bərabərdir. İlan zəhəri çox gözəl dərmandır, amma həddini aşdıqda öldürür”.
əhməd Qəşəmoğlu hesab edir ki, ilk olaraq valideynlərin maarifləndirilməsindən başlamaq lazımdır: “Bu istiqamətdə əhalini maarifləndirmirik. Əhalinin internetdən, sosial şəbəkələrdən istifadəsində çox böyük boşluq var. Bu istiqamətdə işlər görülmür. Sanki təbabət elmini unudaraq əhalinin sağlamlığından danışırıq. Ona görə də valideynlərdən başlamaq lazımdır. Bunun üçün ciddi fəaliyyət proqramları, elmə dayanan tövsiyə metodları olmalıdır. Əks halda valideynə “etmə” deməklə valideyn bu vərdişi dayandırmır. Bu istiqamətdə xeyli ürək ağrıdan problemlər var, elmi şəkildə məşğul olmalıyıq”.

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva

Translate »