Oktyabr 4, 2022

Valideynlər niyə qız uşağı istəmir?

Sirr deyil ki, xüsusilə müsəlman ölkələrində tarixən oğlanlar qızlara nisbətən daha yüksək qiymətləndirilib və arzu olunub. Təəssüf ki, bu ənənənin indi də mövcud olduğu bir dünyada yaşayırıq. Bəzən bu istək o qədər güclü olur ki, valideynlər gələcək uşağın cinsiyyəti sırf qız olduğu üçün ondan imtina etməyə qərar verir. Dünyaya gəlməyən qız uşaqlarının 13-14 həftəliyində ana bətnində öldürülməsi selektiv abort adlanır. Belə görünür ki, valideynlər üçün övlad sahibi olmaq deyil, müəyyən bir embrionun xüsusiyyətləri daha çox əhəmiyyət daşıyır. Uşağın cinsiyyətini təyin etməyə imkan verən müasir texnologiyaların ortaya çıxması ilə vəziyyət daha da mürəkkəbləşib: bir çox ailə qız övladı böyütmək istəmədiyi üçün döldən qurtulur. Selektiv abortlara görə “liderlik” edən ölkələr arasında Azərbaycanın da adı var.

BMT-nin qeyri-rəsmi statistikasına əsasən, Azərbaycan qız uşaqlarının abortuna görə dünyada ilk onluqda dayanır. Bu şəkildə açıq ayrı-seçkilik qadınların cəmiyyətdəki əlverişsiz vəziyyəti ilə əlaqələndirilir. Bu fenomenlə ciddi şəkildə mübarizə aparılmalıdır.

Ailələr oğul uşaqlarına üstünlük verirlər. Bunun bir çox səbəbi var. Əksər patriarxal cəmiyyətlərdə oğlan uşağı soyadın daşıyıcısıdır, yaşlı valideynlərin qayğısına qalandır, ailəyə maddi dəstək gətirəndir. Belə inanc var ki, qızlar bu vəzifələrin öhdəsindən gələ bilməzlər. Təbii ki, bu bir sterotipdir.

Ailələrin körpənin sağlamlığından öncə cinsiyyətini hesablaması sağlam düşüncə deyil. Çox təəssüf ki, bu gün təbliğat düzgün aparılmır, debatlar təşkil olunmur. Gender bərabərliyi qızlarımıza və oğlanlarımıza uşaqlıdan izah olunmalıdır. Azərbaycan dünyanın sivil ölkələrindən biridir, bizdə bütün qız uşaqlarına həm təhsil almaq karyera qurmaq, həm də vəzifə sahibi olmaları üçün hər cür şərait yaradılıb. Bu səbəbdən, əlbəttə ki, dünyaya gələcək körpənin cinsiyyəti qız olduğu üçün selektiv abort etmək düzgün addım deyil.

Hamiləliyin körpənin cinsiyyətinə əsasən sonlandırılması həm dinimizə, həm mənəviyyatımıza ziddir, həm də sağlam bir körpənin canına qıymaq deməkdir.

Sonda valideynlərə müraciət edərək demək istərdik ki, övladlarınızın cinsini yox, onlara verə biləcəyiniz həyat barədə düşünün. Sözsüz ki, abort istənilən qadının qeyd-şərtsiz hüququdur. Uşağa həyat verib-verməmək sizin qərarınızdır. Lakin unutmayın ki, bu cür hərəkət sizin həyatınızda əbədi iz qoyacaq. Əgər cinsiyyəti sırf qız olduğu üçün sağlam inkişaf edən körpədən imtina edirsinizsə, onda bir müddət həyatınızdakı parlaq rəngləri itirməyə hazır olun. Ümumiyyətlə, belə çətin seçim qarşısında qalmamaq üçün müxtəlif qoruyucu vasitələrdən istifadə etmək həyatınızda verdiyiniz ən doğru qərarlardan biri olardı.

Araşdırmaçı: “Turaz.org” Təhlil komandası Reyhan Hacı

Translate »