Oktyabr 3, 2022

Vətən naminə canlarını fəda edən şəhidlərimizdən Pənahov Rövşən

Vətən naminə canlarını fəda edən şəhidlərimizi tanıyaq və tanıdaq!

44 gün; sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi -İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli 27 sentyabr! Bu o tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarını əldə tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular.
Şəhid Rövşən Pənahov 2 Oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin 9-cu sinfini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. 2006-cı ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir.
Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı Nilay adlı qız, Mahmud adlı oğul övladı yadigar qalıb. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” , 18 oktyabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Kapitan Pənahov Rövşən Mahmud oğlu da İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biridir. Doğum günündə torpağa tapşırılan şəhid kapitanımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.
Şəhidlər ölməz, Vətən bölünməz!

Mirvari Mustafayeva

Translate »