May 17, 2022

Xalqın qəhrəmanı Heydər Adıgözəlov

Azərbaycan xalqının taleyində çoxlu qəhrəmanlar var.Tarixi şəraitdən asılı olaraq vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Xalqın qəhrəmanı olmaq üçün mütləq əldə qılınc olması vacib deyil. Azərbaycanın taleyində öz zəkası,dönməzliyi , həlledici anlarda rol oynaması ilə adını qəhrəmanlar sırasına yazdıranlar az olmamışdır.Bu qəhrəmanlardan biri də Heydər Adıgözəlovdur.Heydər Sabir oğlu Adıgözəlov 6 avqust 1987-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 2 bacının 1 qardaşı olaraq böyüyən qəhrəmanımız 1993-cü ildə Nehrəm qəsəbəsində şəhid Elşad Əliyev adına 2 nömrəli tam orta məktəbinin birinci sinfinə qədəm qoymuşdur.Heydər ailəcanlı, böyüklə böyük, balacayla balaca olan, vətənpərvər, səbrli,haqsızlığa dözməyən biridir,həmişə haqqın tərəfində olmuş, ailəsinə bağlı olan igidimiz heç kimin qəlbini qırmaz,qəlb qırmaq onun ən qorxduğu şeylərdən biridir.O, balaca yaşlarından atletika ilə məşğul olmuşdur. 8- ci sinifdən imtahan verərək 2003- cü ildə Naxçıvandan Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuş, 2005-ci ildə buranı bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olmuşdur. 2009-cu ildə leytenant rütbəsinə layiq görülmüş və 2009-cu ildən 2010-ci ilə kimi Azərbaycan Silahlı Qüvvələrinin təlim və tədris mərkəzində təhsilini davam etdirmişdir. Ailəli olmasına baxmayaraq o həmişə öz işini böyük bir ləyaqətlə yerinə yetirib. Hərbiçi olaraq fəaliyyət göstərdiyi müddətcə bir çox mükafatlara layiq görülmüşdür. 2016-cı ildə aprel döyüşləri baş verəndə orda uğurlu fəaliyyət göstərərək vətənpərvərliyini ortaya qoymuş və bu döyüşdə medalla təltif olunmuşdur.İgidimiz 2020-ci ildə mayor rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan—Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca başlayan döyüşlərdə Heydər öz qəhrəmanlığını göstərmişdi. 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan müharibədə iştirak etmişdir.O,əsgərlərini övladları, doğmaları kimi sahiblənib, bütün döyüş boyunca onlara hədsiz qayğı göstərib.Mayor döyüş bitənə qədər canı,qanı bahasına döyüşmüşdür.Xocavəndin və Füzulinin,Hadrutun azad olunmasında öz şücaətini göstərmişdi.Ən böyük arzusu isə düşmənin əsarəti altında olan torpaqlara ayaq basmaq idi və igidimizin bu arzusu 10 Noyabr 2020-ci il qələbənin çalınması ilə həyata keçdi və bu arzusunun həyata keçdiyini ilk olaraq anasına xəbər verdi.Və igidimiz əsgərləri ilə böyük əmək sərf edərək azad etdikləri torpaqlara ayaq basdı.Mayor Heydər Adıgözəlov öz adını tarixə yazdırdı.Azərbayacan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə müharibədə öz qəhrəmanlığını göstərdiyinə görə “Xocavəndin azad olunması”,”Füzulinin azad olunması”,”Qüsursuz xidmətinə görə || dərəcə”,”Qüsursuz xidmətinə görə ||| dərəcə”,”90 illik yubiley”,”95 illik yubiley”,”Müharibə iştirakçısı” medalları ilə təltif edilmişdir. Ömrünün son gününə qədər bu millətə,bu torpaqlara sevərək qulluq edəcəyini bəyan edən igidimiz bütün sevdiklərinin ,Nehrəm qəsəbəsinin və bütün Azərbaycanın fəxri olmuşdur.

İşində və həyatında Qəhrəmanımıza uğurlar arzu edirik !

Hazırladı: Hüseynova İnci

Translate »