İyun 3, 2023

Xaricdə təhsil şərtləri və müəyyən çətinliklər

Son illərin statistikasına nəzər salsaq, xaricdə təhsil almaq istəyən tələbələr hər gün artmaqdadır.

Azərbaycanda da hər il minlərlə tələbə oxumaq üçün xaricə üz tutur. Ölkəmizdə yetərincə savadlı, yüksək potensiala malik gənclərimiz xarici ölkələrdə təhsil almaq istəsələr də, maddi imkanları buna yol vermir. Bunun üçün Azərbaycan Respublikasında 2007-2015-ci illərdə qəbul olunmuş qanuna əsasən, xarici ölkələrdə təhsil üzrə dövlət proqramlarının imkanlarından, həmçinin beynalxaq təqaüd proqramlarının imkanlarından tələbələrin yararlamaq şansları vardır.

Xaricdə təhsil üçün ən çox tələb olunan nələrdir?

Sizdən ən çox sonuncu təhsilinizdən yüksək ortalama balı (GPA) və dil biliyi sertifikatı olan İELTS və ya TOEFL tələb oluna bilər. Onlara özlərinin riyaziyyat, ingilis dili və peşəkar şəkildə yazmaq bacarıqları üzərində mütəmadi olaraq işləməyi, bu bacarıqları inkişaf etdirməyi, Amerikada ali təhsil üçün tələb olunan TOEFL, IELTS, SAT, GMAT və ya GRE kimi xüsusi testlərə universitetə qəbuldan iki il əvvəl başlamağı məsləhət görmək olar. Eyni zamanda təhsil pilləsindən asılı olaraq, ən azı 2-3 il könüllü kimi və ya peşəkar iş təcrübəsi əldə olunmasına da diqqət yetirmələri lazımlıdır. Çünki xarcidə məşhur universitetlər öz müdavimlərini sadəcə attestat və ya test nəticələrinə görə deyil, həmçinin onların könüllü və ya peşəkar iş təcrübəsi, ictimai fəaliyyətləri, liderlik bacarıqları və gələcəkdə oxumaq istədikləri sahələrdə müvəffəq olmaq potensiallarına da ciddi fikir verirlər.

Bəs tək attestatla hansı ölkələrdə təhsil ala bilərsiniz?

Türkiyə, Polşa, Ukrayna kimi ən çox müraciət edilən ölkələrin prestijli universitetlərində tək attestatla təhsil ala bilərsiniz.

Bəzi hallarda isə tələbələr xaricdə universitetə qəbul olub, uğurla bitirib ölkəyə qayıtdıqdan sonra problemlə qarşılaşırlar və əmək fəaliyyətlərini icra edə bilmirlər. Buna səbəb isə təhsil aldıqları ali təhsil müəssisəsinin diplomunun Azərbaycanda tanınmamasıdır.

Xarici diplomların tanınması nə deməkdir?

Xarici dövlətlərin universitetlərində təhsil almış və uğurla bitirməsini təsdiq edən diplomun və ya şəhadətnamənin ölkə ərazisində qüvvədə olmasının təsdiqidir. Əks təqdirdə diplom keçərsiz sayılır və diplomu əldə edən şəxs həmin ixtisas üzrə əmək fəaliyyətini icra etməkdə çətinlik çəkir. Azərbaycan dövlətində xarici dövlətlərin ali məktəb ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentlik Bakı Texniki Kollecin binasında yerləşir. Bu prosedur isə ödənişlidir.

Lakin bəzi özəl sektorlar gənclərin xarici diplomunu tanınma olmadan belə qəbul edirlər. Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa, bu məsələyə çox ciddi yanaşmalıdır. Ölkəyə qayıdarkən xüsusilə də Ukrayna, Rusiya, Polşa və s. bu kimi ölkələrdə təhsil almış tələbələrin diplomu həmin ölkədə apostil olunmalı və ya leqallaşdırılmalıdır.

Bəs apostil nədir?

Bir ölkənin ərazisində verilmiş hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin 2 növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırılması. Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostilin verilməsi və leqallaşdırma arasında fərq nədir?

Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqinin tələb edir.

Leqallaşdırma:

  • sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur
  • leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.

Apostilin verilməsi isə birpilləli prosedur olmaqla, sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.

  • Hansı universitetlərin diplomu tanınmamışdır?
  • Avropa Universitetləri (Gürcüstan)
  • Tbilisi Açıq Tədris Universiteti
  • Odessa Dövlət Ekologiya Universiteti
  • Tbilisi Humanitar Tədris Universiteti
  • Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti
  • “Sinergiya” Moskva Maliyyə-Senaye Universiteti
  • Poltava İqtisadiyyat vəTicarət Universiteti
  • Voljsk Dövlət Su Nəqliyyatı Universiteti
  • Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti
  • H.P.Konaşeviç-Saqaydaçnıy adına Kiyev Su Nəqliyyatı Universiteti

Yuxarıda qeyd olunan universitetlər MDB ölkələri olan Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində yerləşən universitetlərdir.

Araşdırmaçı: “Turaz.org” Təhlil Komandası – Reyhan Hacı

Translate »