May 18, 2022

Turaz.org olaraq yad dillərin Ana dilimizi öz doğma yurdunda istila etməsini qınayır və günümüzün acı reallığını əks etdirən bu yazını sizə təqdim edirik.

Müstəqillik!

Necə də qürurverici və əzəmətli səslənir. İllərlə uğruna can verdiyimiz, qəlbimizdə bəslədiyimiz arzularımız, zaman-zaman qanımızla suvardığımız azadlıq çiçəyimiz, nəhayət ki, çiçəkləndi. Üçrəngli Azərbaycan bayrağı Bakıda – Qız qalası üzərində dalğalandı… Bundan gözəl təsəvvür olardımı ki artıq həyata keçib?!…

Müstəqilliyimizdən artıq 30 il keçir. Azərbaycan qüdrətlənib, bölgədə öz sözünü deyən, Qarabağına sahib çıxan, düşməni və onun havadarlarını yerində oturdan bir dövlət olub. Bakı küçələrində bu düşüncələrlə gəzirəm. Amma yazın ilıq nəfəsi duyulan küçələrdə ətrafa baxdıqca gördüyüm mənzərələrdən ürəyim isinmir, sıxılır. Niyə? Çünki Bakıda Azərbaycanın yiyəsi ana dilinin hökmranlığın, qüdrətin, çiçəklənməyin görmürəm.

Əksinə, mağazaların, obyektlərin adlarında, reklamlarda şəstlə, əzəmətlə ucalan, işıq saçıb par-par parıldayaraq gəlmə dillər sanki bir-iki yerdə kustar üsulla, səhv-sühv yazılaraq künclərdə ucuz kiosklara sığınan ana dilimə yanıq verir. Baxın küçələrə. Dörd bir tərəf möhtəşəm, çilçıraqlı, təmtəraqlı şəkildə işıqlandırılan, keyfiyyətli lövhələrdə ingilis dilində yazılarla bəzədilib.

Küçələrin, adlarına baxırsan: “İstiqlal”, “Azərbaycan”, “M.Şərifzadə”, “M. Füzuli”, “B.Vahabzadə”, “Ş. Qurbanov”… Bu küçələrdəki obyekt və reklam yazılarına baxırsan: CHARLİN VOFFEE, GLORİA JEAN’S, COFFEES, LİBRAFF, A BOOK İS A GİFT, YOY CAN OPEN, ayain @ ayain, CHURRO vresh hot E tosty. GLORUA JEANS COFFEES, TPUSSARDİ, TİSSOT, COOKSHOP, – Сыроварня, …WAKEUP Coffee – oddiction, The bagee bar, GOFFEE HORESE, SECOND CUP, FR DAY. WORLDTELECOM, PAUL RESTAURANT, MOA, LABISI beautychargere, Nizami küçəsi ilə irəliləyirəm.”Tarqovı” küçəsi, Nizami küçəsinin bir hissəsi bura düşür.

Yenə oxuyaq, görək Bakılıq, Azərbaycanlıq bir yazı görəcəyikmi?! Bax bu da Natəvanın heykəli! Qarabağda öz xeyirxanlığı, nəcibliyi ilə seçilən Xurşud Banu Natəvan. Yanındakı hündür binanın üstündəki yazını oxuyuram: “HARD ROSK CAFE BAKU”.

Bura İstiqlaliyyət küçəsidir. Hələ ki gözümə bir dənə də olsun ana dilli reklam və ya obyekt adı dəyməyib…

STARBUSKS, COFFEE CHEF BAKU, RESTAURANT

Bu böyük geniş küçələrdə bir küncə qısılmış, zirzəmidə yerləşən, yuxarıda yox, ayaqlarımzın bərabərində yazılan “Xəmir xörəkləri” adında bir yeməkxana adından başqa bir ana dili kəlməsinə rast gəlmədim. “Xəmir” – bu doğma söz necə də təklənmiş görünür… Əzəmətli görünən al-əlvan işıqların kölgəsində bir yazı boylanır ətrafa: “Xəmir xörəkləri”…

Yadıma anamın xəmir qatarkən gördüyü hazırlıqlar düşür… Anam xəmir qatarkən üzünü, əllərini, biləklərini dirsəyəcən sabunlayıb yuyar, sonra salavatlayardı. Hər şey təmiz olmalı idi. Sonra sürtülüb yuyulmaqdan ağappaq ağarıb, par-par parıldayan xəmir teştini götürərdi. Teşt lap yuxarı qoyulardı, uşaqların əlləri dəyməyən yerə. Biz heç vaxt o teştə tozlu əllərimizi vurmazdıq.

Çörək müqəddəsdir, onu harda görsək, öpüb gözümüzün üstünə qoyardıq. Belə öyrətmişdi nənəm bizə. O çörəyin hasil olduğu xəmirin qatıldığı teştə də əl vurmazdıq, bərəkəti qaçar deyə… Anam tərtəmiz yuyulub-ütülənmiş ağ qıyqacla başını çalardı ki, saçının tükü düşməsin. Duvağa, üzlük qabına, təndir şişinə uşaqların yaxın durmağa, əllərini vurmağa ixtiyarı yox idi.

Təkcə təndir ağarandan sonra külfəni bağlamaq sevincini yaşayardıq ki, anamız bizə külfəni bağlamağa icazə verdi… Ayağımın bərabərində yazılmış “Xəmir” sözünə baxıram və başımda bu xatirələr ayaqlarımı sürüyərək gedirəm… Beynimdəsə qırıq val kimi ancaq bu söz fırlanır:”…Ancaq Vətən çörəyi sizlərə qənim olsun!…”

Müəllif: Gülyaz Əliyeva
Həmçinin bax: turaz.org/mudafie-nazirliyinin-melumati-3
Həmçinin bax: kafkazh.com/oksigen-2

Translate »