Sentyabr 30, 2022

Yapon mədəniyyətinin özünəməxsus incisi – Geyşa


Geyşa, yaxud Geiko Yaponiyada XVII əsrdən bəri əyləncə məclislərində, xüsusilə, kişi, bəzən qadın müştərilərə musiqi, dans, söhbət və müxtəlif oyunlarla yoldaşlıq edən xüsusi təlimli qadınlara deyilir. Geyşa termini yaponca iki sözün birləşməsi ilə yaranır: “gei” sənət, “şa” icra edən insan mənalarına gəlir. Geyşa ilə yanaşı “geiko” termini də işlənir. Geiko daha çox Kiyoto geyşalarına verilən addır. Kiyoto geyşa ənənəsinin daha qədim olduğu və daha geniş yayıldığı şəhərdir. Şagird geyşalar maiko adlanır. Bu ad yaponca iki sözün “mai” – dans edən, “ko” – uşaq kəlmələrinin birləşməsindən yaranır. Maikolar ağappaq makyajda, daha parlaq parçaları olan kimonolar geyinirlər. Geyşalar isə daha sadə geyinirlər. Yalnız xüsusi günlərdə ağ makyajla bəzənib rəngli kimonolar geyinirlər.

Geyşanın tarixi
İlk geyşa qurumları Edo dövründə (1600-1868) meydana çıxmışdır. İlk geyşalar “hokan” və ya “taikomaçi” adlandırılan dansçı və muğənni oğlanlardan ibarət idi. Getdikcə bu qurumlara qatılan qadınlar sayca üstünlük təşkil etməyə başladı və beləliklə, geyşalıq qadınların icra etdiyi bir sənətə çevrildi. Hətta 1700-cü illərdə geyşalıq həyat qadınlığı ilə bir tutulurdu. Qadınların bu sahədəki fəallığının qarşısını almaq, keçmiş Oiron ənənəsini qorumaq məqsədilə bu sahədə fəaliyyət göstərən qadınlar həbs olunurdular. Lakin Edo dövrünün sonlarına doğru geyşalar rəsmi iclaslar da daxil olmaqla çoxlu sosial, diplomatik tədbir və iclaslara çağırılırdılar.

Nəhayət, Oiran ənənəsi öz əvvəlki şöhrətini itirdi və dəbdən düşməyə başladı. 1830-cu illərdə inkişaf etməkdə olan geyşa tərzi cəmiyyətdəki dəbli qadınlar tərəfindən təqlid edildi. Geyşanın müxtəlif təsnifatları və dərəcələri var idi. Bəzi qadınlar kişi müştəriləri ilə cinsi əlaqədə olarkən, bəziləri yalnız sənətlə məşğul olur, öz müştərilərini əyləndirirdi. Artıq geyşalıq rəsmi olaraq qadın məşğuliyyəti sayılırdı (Halbuki bu günün özündə də geyşalıqla məşğul olan kişi sənətkarlar var). Geyşa əyləncələri Yaponiyadakı ən bahalı əyləncələrdir.


II Dünya Müharibəsi geyşa sənətinə böyük bir eniş gətirdi, çünki əksər qadınlar Yaponiyada işləmək üçün fabriklərə və ya başqa yerlərə getməli oldular. Bu dövrdə geyşa adı da bəzi statuslarını itirdi, çünki bəzi həyat qadınları özlərini Amerikalı hərbi kişilərə “geyşa qızları” kimi təqdim etməyə başladılar. 1944-cü ildə çayxanalar, barlar və geyşa evləri də daxil olmaqla geyşa dünyası bağlanmaq məcburiyyətində qaldı və bütün işçilər fabriklərdə işlədildi. Təxminən bir il sonra yenidən açılmasına icazə verildi. Geyşa bölgələrinə qayıdan az sayda qadın Qərbin təsirini rədd etməyə və ənənəvi əyləncə və həyat tərzlərinə qayıtmağa qərar verdi. 1920-ci illərin əvvəllərində sayları səksən minə çatan geyşalar 1980-ci illərdə on min nəfərə qədər azalmışlar.


Geyşalar kimlərdir?
II dünya müharibəsinə kimi təlimini yeni başa vuran maikoların geyşa olduğunu göstərmək üçün mizuage adlanan mərasim keçirilərdi. Belə ki, həmin geyşa yaxşı tanınan bir müştəriyə yüksək məbləğ qarşısında öz bəkarətini satırdı. Bununla qazandığı pulun bir hissəsini onu yetişdirən geyşa evinə verir, qalanı isə özünün olurdu. İndilərdə isə bu qaydalar daha yüngüldür. Ümumiyyətlə, mizuage mərasimi və bununla bağlı ənənələr 1959-cu ildə tamamilə qadağan edildi. Müştərilərdən gələn pul və hədiyyələr geyşaların yaxşı keçiminə imkan verdiyi üçün geyşa evlərinə bağlı olaraq çalışanların sayı olduqca azdır. Bunu da qeyd edək ki, geyşaların cinsi əlqədə olması və ya olmaması öz istəklərindən asılı idi. Müxtəlif zamanlarda öz müştəriləri və ya patronları (himayədarları) ilə cinsi əlaqədə olan geyşalar olsa da, geyşalıq həyat qadınlığı ilə eyniləşdirilməməlidir. Geyşalar istəklərindən asılı olaraq ömür boyu bu sənətlə məşğul ola bilərlər. Geyşa olmaq üçün gözəllik və gənclikdən daha çox sənət və musiqidə istedadlı olmaq, şirin dil və qonaqpərvərlik kimi xüsusiyyətlər əsasdır. Öz müştəriləri ilə evlənib sənətindən imtina edən geyşalar da var. Ümumiyyəltə, geyşa yalnız bir şərtlə ailə qura bilər, bu da geyşa olmaqdan imtina etməkdir.


Geyşalar müxtəlif sənət sahələrində mahir olurlar. Şamisen adlanan klassik yapon musiqi aləti və fleyta çalmaq, bir neçə məqamda oxumağı və dans etməyi bacarmaq, o cümlədən, qonaqpərvərlik bunlar içində xüsusi yer tutur. Müştəriyə səmimi və rahat məkan yaratmaq üçün xoş və şirin söhbətlər etmək və oyunlar oynamaq da bunlara daxildir. Geyşaların təlim prosesi lap uşaq yaşlarından başlayır. Bir geyşa ola bilmək üçün sərf olunan müddət olduqca uzun və ağır keçirdi. Ailələri tərəfindən bu evlərə verilən qızlar məişət işləri də daxil olmaqla bütün ağır işlərlə uşaq yaşlarından məşğul olurdular. Bunda məqsəd onları daha disiplinli və məsuliyyətli böyütməkdir. Müasir dövrdə Yaponiyada hər bir uşağın ilk və orta təhsil alması zəruri olduğundan geyşa olmaq istəyənlər on beş yaşdan başlayaraq təlim keçə bilirlər. Əvvəllər – 1950-ci illərə kimi bu yaş maikoluqdan geyşalığa keçid yaşı idi. Bu da bu günün geyşa evlərindəki adət-ənənənin dəyişməsi və yüngülləşməsinin səbəblərindəndir. Yeni gələnlər “okiya” adlanan evlərdə yaşayır və təlim keçirdilər. Buranın sahibi “Okasan”, yəni “Ana” adlanan bir qadın – geyşa idi. Geyşaların yaşadığı bölgələr “Hanamaçi”, yəni çiçək məhəlləsi adlanır. Okiyalar və geyşaların ən çox getdiyi oçaya adlanan çay evləri Hanamaçidə yerləşirdi.

Geyşalar onları tərbiyə edən və böyüdən geyşa evlərinə bütün borclarını ödəyənə kimi oradan asılı olurdular. Maddi borcu ödədikdən sonra isə sərbəst yaşamağı və ya həmin geyşa evində xidmət etməyi seçə bilərdilər. Yeni gələn şagirdlər “şikomi” adlanırdı və “şikomi-san” deyilən təlim prosesinə başlayırdılar. Bu müddətdə onlar dərslərə qatılmalı, okiyadakı ev işlərinə kömək etməli, həmçinin okiyada işləyən geyşalara kömək etməli idilər. Dərslərdə onlara müxtəlif ənənəvi yapon oyunları, kotsuzumi (çiyindən asılan və əllə çalınan balaca nağara), şimedaiko (çubuqla çalınan balaca nağara), şamisen və fue (bambukdan düzəldilmiş fleyta) çalmaq öyrədilirdi. Dərslərdən boş qalan vaxtlarda isə qonaqlarla, həmçinin özündən böyüklərlə rəftar və danışıq qaydaları öyrədilirdi.

Yazar: Aytən Şamilova

Translate »