İyun 3, 2023

Yaponiya Vyetnam, Hindistan, İndoneziya və Malayziyaya müdafiə avadanlığı ixrac etməyi planlaşdırır

Yaponiya hökuməti Hind-Sakit okean bölgəsindəki iştirakını genişləndirməyi və Vyetnam, Hindistan, İndoneziya və Malayziyaya müdafiə vasitələri ixrac etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 12-də “Yomiuri shinbun” qəzeti məlumat yayıb. Bildirilir ki, söhbət Yaponiya ticarət korporasiyaları və müdafiə sənayesi ilə əlaqəli şirkətlərin birgə əməkdaşlığından gedir. Cari ilin sentyabrından etibarən Yaponiya Müdafiə Nazirliyi yanında Logistika Agentliyinin ixrac üçün məhsulların son seçimi məqsədilə müəyyən bir ölkənin ehtiyacları haqqında məlumat toplamağa başlayacağı gözlənilir. Agentlik, həmçinin avadanlıq istehsalı üçün Yaponiya şirkətlərilə müqavilələrin bağlanması ilə birbaşa məşğul olacaq.

Yaponiyanın müdafiə məhsullarının Vyetnam, Hindistan, İndoneziya və Malayziyaya əsas ixrac maddələrinin nəqliyyat təyyarələri və radarlar ola biləcəyi ehtimal edilir. Həmçinin qırıcı təyyarələrin və sualtı qayıqların birgə istehsalı istisna olunmur. Qeyd edilir ki, sadalanan ölkələrlə əməkdaşlığı genişləndirməklə Yaponiya bölgədəki fəaliyyətini genişləndirmək və öz sənayesini dəstəkləmək niyyətindədir.

Xatırladaq ki, Yaponiya hökuməti yarım əsrdən bəri qüvvədə olmuş silah və hərbi texnologiyaların ixracına qadağa qoymaq siyasətindən 2014-cü ildə imtina edib. Bunun əvəzinə, Nazirlər Kabineti xaricə silah tədarükü ilə bağlı yeni prinsiplər hazırlayıb.

Yeni qaydalara görə, bu cür məhsullar hərbi münaqişə vəziyyətində olan və ya BMT Təhlükəsizlik Şurasının sanksiyalarının tətbiq edildiyi ölkələrə ixrac edilməyəcək.

Menbe:Azertac.az

Müxbir: TurAz.org xüsusi müxbiri Arzu Əliyeva

Həmçinin bax : https://turaz.org/sabah-novbeti-buraxilis-imtahani-kecirilecek/

https://tehsilim.org/kkm-group-ile-pese-merkezinin-birge-emekdasligi/

Translate »