Meyxanaçı Rəşad Dağlının qonşusunu qətlə yetirməsindən sonra meyxana yenidən tənqid hədəfinə çevrildi. Meyxananı müdafiə edənlərlə yanaşı, bir çoxlarına görə, meyxana narkotik, küçə həyatı, cinayət, tüfeylilik kimi məfhumları özündə birləşdirir.
Sual yaranır: Bəs meyxana nədir? Musiqi yoxsa söz sənəti? Həqiqətənmi lazımsız məşğuliyyət növüdür? Cəmiyyətə nə qatır?
“Meyxananın adını batıran “söz ustaları” var”
Mövzu ilə bağlı Turaz.org-a danışan şair Tural Turan bildirib ki, meyxana bədiyyə janrıdır, incəsənətin bir növüdür. Onun sözlərinə görə, Əgər kimsə ona söyüş, yüngüllük gətirirsə, burada meyxananın günahı yoxdur: “Meyxana aləmində Nizami Rəmzi, Kəbir Azəri kimi dühalar da olub. Onlar içkidən, narkotikdən uzaq idilər. Üstəlik, meyxana sənətinə sambal da gətirmişdilər. Sonrakı dövrlərdə Namiq Qaraçuxurlu, Namiq Məna da bu sənətin inkişafına öz töhfələrini verdilər. Onların da yaradıcılığında pis vərdişlərin təbliği yox idi, hətta musiqili meyxanaya yeni incəliklər gətirməklə yadda qaldılar. Rəşad Dağlı da heç zaman insanları meyə, şəraba, narkotikə səsləməyib. Əksinə, narkotikə qarşı olduğunu bir neçə deyişməsində nəzmlə ictimaiyyətə çatdırıb. Amma təssüf ki, meyxanaya ləkə gətirən, onun adını batıran “söz ustaları” da var. Xalq onları da görür. Hətta bəziləri İranın radikal dini ideologiyasını təbliğ edirlər. Dövlətin xüsusi xidmət orqanları bu məsələləri nəzarətdə saxlamalıdır. Bu cür adamları bloklamalıdır. Rəşad Dağlının məsələsi şəxsi konflikdir və onun meyxanaya, Rəşadın sənətinə dəxli yoxdur”.
“Meyxana ictimai şüurda qorxunc rol oynayır”
Tanınmış yazıçı Tural Cəfərov da məsələyə öz mövqeyini bildirib. Rəşad Dağlının qətl törətməsindən təəssüfləndiyini deyən yazar məsələnin ictimai tərəfinin prosesdə təhlükəli rol oynadığını bildirib: “Yeniyetmələr arasında populyar olan, mahnıları milyonlar tərəfindən dinlənilən bir şəxsin qətl törətməsi qəsdən adam öldürmə kimi böyük bir cinayət hadisəsini adiləşdirir. Zorakılıq səhnələri olan filmlərə yaş senzurası tətbiq edildiyi halda Azərbaycanda az qala hamının tanıdığı bir şəxs qətl törədir. Bu isəyeniyetmələrin, gənclərin ovqatına, onların tərbiyəsinə, təfəkkür və təsəvvürlərinə dağıdıcı bir təsir göstərir.
Meyxana ictimai şüurda qorxunc rol oynayır. Diqqət edin, neçə meyxanaçı narkotik asılılığından dünyasını dəyişib? Bunlar göz önündə olan, meyxanalarına yüz minlərlə adamın qulaq asdığı insanlardır. Bu hallar narkotikin təbliğatı deyilmi? Dəhşətli bir sosial bəla olan narkomaniyanın adiləşməsi deyilmi? Adam öldürmək meyxanaçılar arasında yeni bir tendensiya deyil. Meyxana bütün hallarda hər cür zorakılığı təbliğ edir. İki yetkinlik yaşına çatmış şəxsin yüzlərlə adamın qarşısında bir-birini təhqir etməsi hansı mənəvi ideallara xidmət edə bilər? İnsanların bir-birini alçaltmasına heyran qalan bir yeniyetməyə insan ləyaqətinin, insan şəxsiyyətinin ən ali bir dəyər olduğunu necə izah etmək olar? Heç nə insan öldürməyə bəraət qazandırmır”.
“Meyxana poeziyanı üstələdi”
Mövzuya münasibət bildirən tənqidçi Əsəd Cahangir meyxananı sənət nümunəsi hesab etdiyini deyib.Onun sözlərinə görə, meyxana da yaradıcılığın bir növüdür: “Folklora yaxın yaradıcılıqdır, şifahi sənət növüdür. Sovet hakimiyyəti illərində meyxana qadağan edilmişdi. Buna baxmayaraq, gizli də olsa deyilirdi. Müstəqillikdən sonra isə artıq meyxana yenidən səhnəyə qayıtdı, televiziya meyxanaçılara yer verdi. Hətta meyxana poeziyanı üstələdi. Hesab edirəm ki, bədahətən şeir demək sənəti kimi meyxananın analoqu yoxdur. Meyxanaçılar bədahətən şeir deməyi yaşadan yeganə sənət nümayəndələridir. Meyxanaçılar ətrafındakı sosial, siyasi, mənəvi hadisələri görüb ona şeir qoşur, bədahətən deyirlər. Ayın, ilin, hətta həftənin hadisələrini deyirlər şeirlə. İkinci cəhət tam satira olmasa da, meyxana olan yumor ovqatıdır. Bütün bu unikal keyfiyyətləri özündə birləşdiyi üçün meyxana hələ də yaşayan sənət növüdür”.
ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası-Ağayeva
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
Müharibəni Sərkisyan anons etmişdi – Paşinyan
Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib